YNH zamanı sığortalılar üçün yol polisi arayışları ASAN xidmət mərkəzləri tərəfindən veriləcək

12:56 - 2.07.2018


2 iyul, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), İcbari Sığorta Bürosu  (İSB) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) üçtərəfli görüşü keçirilib.

ASA-nın məlumatında deyildiyi kimi, iclasın əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı Dövlət Yol Polisi tərəfindən verilən 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsi olub.

“Yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, sığortalıların etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətliliyini nəzərə alaraq, arayışın, həmçinin ödənişlərin təmin edilməsi məmnun müştərilərin sayını artıracaq. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacaq”, - iclas zamanı SAS-nın idarə heyətinin sədri Mustafa Abbasbəyli belə deyib.

Məlumatda deyilir ki, həmçinin  səfər sığortasının Asan Visa vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Bu, sığortanın əldə edilməsini sadələşdirməyə imkan verəcək və  gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olacaq.

“Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər