Milli Parklar ekoloji turizm üçün əlverişli təbiət əraziləridir

03.07.2018,13:51


3 iyul, Fineko/abc.az. Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Ekoturizm təbiətdən zövq almaq, istirahət məqsədi ilə istifadənin yeni forması olmaqla yanaşı, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməkdir. Milli parklar ölkədə ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir.

Hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən104 ədəd turist marşrutu fəaliyyət göstərir. Turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında “Xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn bilet əldə edə bilərlər. Həmçinin onların milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.

Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarına əsaslanır və adambaşına 2 manat təşkil edir, 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və Milli Qəhrəmanlar giriş haqqından azaddırlar.

2018-ci ilin 6 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib, bunların 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub. Ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.