Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib

19:00 - 3.07.2018


4 iyul, Fineko/abc.az. Görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edildi.

Baş katib Elhadc As-Sini Azərbaycanı təmsil etdiyi cəmiyyətin fəal tərəfdaşı adlandırdı, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə etdi. 

Görüşdə həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıldı. 

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verdi. 

Baş katib Azərbaycan Respublikası XİN tərkibində yaradılmış beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaqda maraqlı olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barəsində məlumat verdi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti çəkdi.

Bütün xəbərlər