Səhiyyə nazirinin ölkə xəstəxanalarında generatorların olmadığından xəbəri yoxdur

12:16 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev ölkənin enerji sisteminin sıradan çıxması ilə bağlı səhiyyə sahəsində prezident İlham Əliyevə məruzə edib.

Nazir Oqtay Şirəliyev bildirib ki, bizim bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı.

“Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib”, - nazir belə deyib.

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev O.Şirəliyevə cavab verərək bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda.

“İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”, - deyə prezident tapşırıb.

 

Bütün xəbərlər