Könüllülük proqramı başa çatıb

06.07.2018,12:27


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan VI könüllülük proqramı yekunlaşıb.

Altıncı könüllülük proqramı çərçivəsində BŞTİ-yə 100-ə yaxın könüllü elektron ([email protected]) qaydada müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 18 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.

Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ 5 ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də 3 ay təcrübə keçmək imkanı qazanırlar.

BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında 35, IV könüllülük proqramında  42, V könüllülük proqramında 29, VI könüllülük proqramında isə 18 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.