Sakinlərə olduğu məkandan ayrılmadan qeydiyyat xidmətləri göstərilib

12:30 - 6.07.2018


Mənzili tərk etmədən də əmlaka dair çıxarışı almaq mümkündür. Bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən birbaşa yerlərdə xidmət göstərən mobil ofislər vasitəsilə etmək olur. Vətəndaşlar əvvəlcədən təqdim edilmiş ilkin sənədlər əsasında ünvanındaca çıxarışını əldə edir. Bu sosial layihə əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olmasına hədəflənib. Çıxarışların ünvanlar, mənzillər, iş yerləri, istehsalat sahələri, ucqar kəndlərdə təqdim olunması əhalinin məmnunluğunun artırılmasına xidmət edir.

Bu layihə digər əmlak növləri ilə yanaşı paytaxt Bakı, eləcə də ölkənin ayrı-ayrı şəhərlərində inşa olunmuş çox mərtəbəli yaşayış binalarını da geniş əhatə edir.

Növbəti “Kütləvi çıxarış” kampaniyası iyulun 6-sı Bakı şəhərinin Sabunçu rayonunda yeni tikilmiş 3 girişli 13 mərtəbəli çoxmərtəbəli binada reallaşdı. Bina sakinlərinin rahatlığı nəzərə alınaraq isti hava şəraitində mənzillərə dair çıxarışlar ünvanlarda təqdim olundu. Sakinlər gündəlik işgüzar və məişət fəaliyyətlərindən kənarlaşmadan qeydiyyat xidmətlərindən yararlandılar. Belə ki, keçirilən layihə çərçivəsində 100-ə yaxın vətəndaşa mobil ofislərdə komitə əməkdaşları tərəfindən çıxarışlar təqdim olundu. 50-yə yaxın sakin mənzilə dair çıxarış əldə etmək məqsədilə ilkin mülkiyyət sənədlərini mobil ofislərə təqdim edib çıxarışların hazır olacağı tarix barədə məlumatlandırıldı.

Sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, vaxtlarına qənaətə əsaslanan xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə etdilər. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar mütəxəssislər tərəfindən cavablandırılıb, hüquqi məsləhətlər verildi.

Qeyd edildi ki, artıq çıxarışların 1 iş günü müddətində verilməsi mümkündür ki, bu da əhalinin daha sürətli şəkildə əmlaklarına dair iqtisadi əməliyyatlar aparmasına şərait yaradıb. Çıxarışların elektron müstəviyə keçirilməsi, qeydiyyat prosedurlarının onlayn rejimdə reallaşması əlçatanlığı artırıb.  

Komitənin, çoxmərtəbəli yaşayış binasında çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların elektron qaydada əldə edilməsi xidməti isə istənilən şəxsə mənzil almamışdan öncə sahib olacağı mənzilin çıxarışının mövcud olub olmadığı barədə məlumat almaq imkanı yaradır.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 13 “Kütləvi çıxarış” kampaniyası reallaşıb. Paytaxtın müxtəlif rayonları ilə bərabər, Ağcabədi, Qazax, Balakən, Astara, Ağdam və digər  bölgələrdə yaşayan əhali evlərini, iş yerlərini, əkin sahələrini tərk etmədən operativ qeydiyyat  xidmətlərindən istifadə etmişdir.

Yeni tikilmiş binalardakı mənzillərin sənədləşdirilməsi və çıxarışların verilməsi ölkədə mənzil bazarına müsbət təsir göstərir. Dövlət qeydiyyatına alınan, hüquqi zəmanətli daşınmaz əmlaklar alqı-satqı proseslərində alıcılar üçün daha cəlbedici xarakter daşıyır. Bu xüsusiyyət çoxmərtəbəli binalardakı mənzillərlə yanaşı, fərdi həyət evləri və torpaq sahələri ilə bağlı proseslərdə də müşahidə olunur.

 

Bütün xəbərlər