Gəncə İcra Hakimiyyətinin başçısına hücum edən şəxs Suriyada döyüş təlimi keçib

06.07.2018,18:09


6 iyul, Fineko/abc.az. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hücumla bağlı birgə məlumat yayıblar.

Məlumatda deyilir ki, Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Elmar Vəliyevə edilən hücum əvvəlcədən lanlaşdırılmış terror aktıdır.

2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

Yunis Səfərov 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq asayiş keşikçisini yaralayıb hadisə yerindən qaçmışdır.

İyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir. Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Müvafiq cinayət işi üzrə istinaqın gedişi haqqında əlavə məlumat veriləcəkdir.