British Council-ın “Uğur üçün Tədris” layihəsi uğurla sona çatıb

10.07.2018,10:00


British Council-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2017-ci ildə start verdiyi “Uğur üçün Tədris” layihəsi müvəffəqiyyətlə sona çatıb. Layihənin bağlanış mərasimi 9 iyul 2018-ci il tarixində Holiday Inn otelində keçirilib.

Layihə Bakı şəhəri Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilmiş və əsas missiyası dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləmək olmuşdur.

Ümumilikdə layihədə Bakı şəhərinin 54 məktəbindən 550 ingilis dili müəllimi iştirak edib. Layihə müəllimlər arasında keçirilən ehtiyacların təhlilinə əsaslanmış və British Council-ın “Uğur üçün Tədris” proqramı üzərində danışıq bacarıqlarını əsas götürməklə orta məktəblərdə ingilis dili müəllimlərinin səmərəli tədris bacarıqlarının artırılmasına yönəlmişdir. Proqram 267 akademik saatı əhatə edib.

Proqramın yekun mərhələsində keçirilən qiymətləndirmə zamanı  məktəb direktorları və təlimçilər iştirakçıların danışıq bacarıqlarının əhəmiyyətli dərəcədə inkişafını, dilin tədrisində əminliyin yüksəlişini, sinifdə ingilis dilində danışığın öyrədilməsində irəliləyişi, tələbələrin də danışıq bacarıqlarında inkişafı əminliklə qeyd ediblər.

Tədbir zamanı layihənin yekun qiymətləndirmə nəticələri nümayiş olunub. Qiymətləndirmə nəticələri beynəlxalq ekspert Simon Borq tərəfindən təhlil olunub.