İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı 1,3% artıb

10:54 - 10.07.2018


10 iyul, Fineko/abc.az. 6 ay ərzində Azərbaycanın ümumi daxili məhsulu 1,3% artıb.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, bu, yaxşı göstəricidir, qeyri-neft sektorunun 2% artması daha yaxşı göstərici  hesab edilir.

“Sənaye istehsalatı 1% artıb, lakin bu da münasib göstəricidir. Qeyri-neft sənayesi  8,8% artıb, bu isə onu bildirir ki, qeyir-neft sektoruna qoyulan sərmayələr, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təsərrüfatı 7,6% artıb, xüsusilə bitkiçilik sahələri 14%-dən çox artıb”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, həmçinin ilin əvvəlindən 67 min yeni iş yeri, onlardan 58 min daimi iş yeri açılıb. Ölkənin iqtisadiyyatına qoyulan sərmayələr 6 milyard dollar təşkil edir, inflyasiya yalnız 3% təşkil edir. Əhalinin pul gəlirləri 9,3% artıb. İnflyasiyanın aşağı səviyyədə olduğu göstərir ki, ölkədə  makroiqtisadi sabitlik tam təmin olunur.

“Xarici ticarət dövriyyəsi 35% artıb,  ixrac 34%, o cümlədən, qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar təşkil edir və ilin sonuna doğru bu göstərici, əlbəttə ki, daha da artacaq.

“İlin əvvəlindən etibarən valyuta ehtiyatlarımız artıb və indi bu rəqəm 44,3 milyard dollar təşkil edir.İlin sonuna qədər bu rəqəm daha da artacaq. Bu, bizim çox inamla inkişaf etdiyimizi göstərir. İqtisadi inkişaf davam edəcək. Bu il sənaye və kənd təsərrüfatı sektorlarında çox işlər görülmüşdür. Artıq gözəl nəticələr var. Əminəm ki, ilin sonunadək daha yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin olunur”, - deyə dövlət başçısı bildirib.

 

Bütün xəbərlər