Bakı-Gəncə qatarının ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır

13:26 - 10.07.2018


10 iyul, Fineko/abc.az.  Azərbaycanda görülən işlər arasında dəmir yolu layihələri çox böyük əhəmiyyət kəsb edir.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir.

“Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır. Şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə,  keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Şərq-Qərb dəhlizi açıldı, Ələt limanının işə salınması isə bu zəncirdə sonuncu bənd oldu.

“Hal-hazırda digər layihələr üzərində çalışırıq. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi həyata keçirilir. Gələn ildən başlayaraq, Bakı-Astara yolunun modernləşdirilməsinə başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin tətbiqini daha da sürətləndirəcəyik. Doğrudur, indi bir dəmir yolu var, mallar nəql edilir amma sürət aşağıdır. Bu istiqamətdə sürəti artırmaq üçün işlər görüləcək”, - İ.Əliyev belə deyib.

Dövlət başçısı qeyd edib ki, nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır.

“Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir”, - deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər