Azərbaycan əsas qızıl yataqlarının istismarından 3 milyarddan çox gəlir əldə etməyi planlaşdırır

10.07.2018,13:45


10 iyul, Fineko/abc.az. “AzerGold” QSC  Çovdar yatağının yerüstü filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırmanı hazırlayr.

“AzerGold” QSC-in sədri Zakir İbrahimov bildirib ki,  əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır.

“2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır”, - Z.İbrahimov belə deyib.

Onun sözlərinə görə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir.

“Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır”, - Z. İbrahimov belə deyib.

“AzerGold” QSC-in sədri  qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb. Ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır.

Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb.

Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.

Nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

 

Açar sözlər: AzerGold