Azərbaycanın dövlət büdcəsi ilin birinci yarısında 0,3 milyard manat artıqlıqla icra edilib

14:02 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Azərbaycanda əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.

“Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur. İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb”, - nazir belə deyib.

Onun szölərinə görə, əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib.

 

Bütün xəbərlər