Azərbaycanda sənaye parklarının inkişafına artıq 2,6 milyard dollar sərmayə qoyulub, daha 1,1 milyard dollar sərmayə qoyulacaq

14:10 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi sənaye parklarının yaradılmasının ölkə iqtisadiyyatının inkişafına müsbət təsirini qeyd edir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb.

“Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.

“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun müasir ekoloji-sanitar normalara uyğun bərpası başa çatdırılıb.  Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.

Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir.

 

Bütün xəbərlər