Bakıda yaşayış binasının qanunsuz tikintisi cəhdinin qarşısı alınıb

13:08 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paytaxtda növbəti qanunsuz tikinti cəhdinin qarşısını alıb.

Dövlət Komitəsinin məlumatında deyilir ki,  Komitəyə 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı şikayət daxil olmuşdur.

“Dövlət Komitəsinin əməkdaşları əraziyə baxış keçirmiş və  20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesi başa çatdırılmamış və ərazi planlaşdırılması sənədləri

tələblərinə uyğun deyil”, - məlumatda belə deyilir.

Aşkar edilmiş pozuntularla bağlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətinə  tikintiyə icazə verilməsinə imtina haqqında tələbnamə göndərmişdir. Ərazidə aparılan işlər dayandırılmalıdır.  Məlumat həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilmişdir.

 

Bütün xəbərlər