Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə neft yüklərinin daşınması üçdə birə qədər artıb

13:18 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birinci yarımillikdə yükaşırmanın həcmi 2 milyon tona çatıb.

Limanın məlumatında deyilir ki, ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb və hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb.

Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir. Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarımilində 19965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16526 sərnişin (82.8 %) Türkmənistan, 3439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.

Məlumatda deyilir ki, Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21960 ədədə çatıb. İri həcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb.

“Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər