Dövlət imtahanında uğur qazananların 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır

15:53 - 11.07.2018


11 iyul, Fineko/abc.az.  Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyun 2018-ci il tarixində inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

İmtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında bəzi statistik məlumatları təqdim edirik. 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməmişdir. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçmişdir.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə etmişdir.

25-29 yaş intervalında isə 226 nəfər (127 kişi və 99 qadın) lazım olan balı toplaya bilmişdir.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 22 aprel tarixində keçirilən imtahanda da təxminən eyni idi (96%). Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artıqca uğur əldə edənlərin faizi aşağı düşür.

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26 nəfərdir.

İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 33.2%-i, qadınların isə 42.2%-i uğur əldə ediblər.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508 nəfəri (36.9%) müvəffəqiyyət əldə etmişdir.

Bütün xəbərlər