Orxan Məmmədov CEO Lunch Baku-nun fəxri qonağı olub

16:33 - 11.07.2018


Caspian European Club bu gün on beşinci CEO Lunch Baku keçirib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

Orxan Məmmədov öz çıxışında qısa müddət ərzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Caspian European Club arasında fəal əməkdaşlığın quruldğunu qeyd edərək, işgüzar insanların iştirakı ilə bu formatda tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

O.Məmmədov iştirakçılara ölkə başçısının “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi” haqqında sonuncu fərmanına əsasən tətbiq edilən yeniliklər, həmçinin həmin fərmanın icrası ilə bağlı məsələlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Agentliyin missiyası kiçik və orta biznes sektorunun davamlı inkişafına nail olmaqdan və əlverişli biznes mühitini yaxşılaşdırmaq, kiçik və orta biznes subyektlərinin çoxsaylı dəstək tədbirlərindən manesiz və rahat yararlanmasını təmin etmək yolu ilə ölkə iqtisadiyyatındakı rolunu artırmaqdan ibarətdir.

Caspian European Club-un fəxri üzvlük sertifikatını Orxan Məmmədova təqdim edən Telman Əliyev CEO Lunch Baku-da fəal iştirakına, həmçinin tədbir zamanı Caspian European Club-un üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran bütün suallara cavab tapıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.

Telman Əliyev tədbirə qatılmış bütün qonaqları Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyilə 2018-ci il sentyabrın 20-də Bakıda keçiriləcək 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə dəvət edib.

Onun sözlərinə görə, “Caspian Energy Forum Baku – 2018”də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Görüşün iştirakçıları üçün Klubun PASHA Insurance və Aggreko kimi üzv-şirkətlərinin təqdimatı keçirilib.

CEO Lunch Baku-da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

Caspian European Club-a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər