Bakı Ali Neft Məktəbində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təqdimat keçirilib

12.07.2018,11:54


İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BANM-ın birgə təşkilatçılığı ilə iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib.

Tədbirin əsas məqsədi əməyin təhlükəsizliyi məsələsinə diqqətin artırılması və  ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin iştirakı ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən geniş təbliğ olunan “Vision Zero” təşəbbüsü (“sıfır ölüm hadisəsi, ciddi xəsarət və peşə xəstəliyi”)  üzrə təqdimatın keçirilməsi olub.

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ISSA-nın prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) baş direktoru Yoakim Bröyer, ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən müxtəlif transmilli şirkətlərin nümayəndələri, BANM-ın professor-müəllim heyəti və  tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan E.Qasımov qonaqları salamlayaraq bildirib ki, bəzən müxtəlif səbəblərdən iş yerlərində bədbəxt hadisələr baş verir, nəticədə müəssisələrə və onların əməkdaşlarına ciddi zərər dəyir. Rektor hər bir şirkətdə və müvafiq qurumlarda bu hadisələrin qarşısını almaq üçün təlimlərin və maarifləndirmənin vacib olduğunu vurğulayıb. E.Qasımov Ali Məktəbdə ƏƏSMN-nin təşəbbüsü ilə keçirilən hazırkı tədbirin də bu məqsədlə təşkil olunduğunu söyləyib.

M.Kərimli istehsalatda baş verən bədbəxt hadisələrin əməyin təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsindən, bir çox hallarda isə əməyin mühafizəsi normalarının tətbiqinə biganə münasibətdən və ya bu sahədə məlumatlılığın aşağı səviyyədə olmasından  irəli gəldiyini qeyd edib. Nazir müavini bildirib ki, belə hadisələrin baş verməməsinin mümkünlüyü ilk növbədə hər bir işçinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasından, istehsalatda qəza hallarının qarşısının alınması üçün vacib olan önləyici tədbirlərin görülməsindən birbaşa asılıdır.  Bu mənada ISSA-nın “Vision Zero” təşəbbüsünün təbliği ilə yanaşı, bu təşəbbüsün praktik müstəvidə geniş şəkildə reallaşdırılması xüsusi önəm kəsb edir. M.Kərimli əməyin təhlükəsizliyinə nəzarət sisteminin innovativ üsullar əsasında təkmilləşdirilməsinin bu gün ƏƏSMN-nin əsas hədəflərindən olduğunu deyib, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında nazirlik tərəfindən aparılan məlumatlandırma işlərini diqqətə çatdırıb.

Y.Bröyer “Vision Zero” təşəbbüsü ilə bağlı təqdimat edib. O qeyd edib ki,  “Vision Zero” təşəbbüsünə görə, iş proseslərində baş verə biləcək bütün qəzaların və xəstəliklər qarşısı alına bilər. Bu məqsədlə Vision Zero təşəbbüsünün tərəfdarı olan şirkətlər, onun partnyorları iş yerlərində təhlükəsizlik, sağlamlıq və rifah kimi üç əsas dəyəri yaymaq və inkişaf etməsinə kömək üçün çalışırlar. Cənab Bröyer təqdimat zamanı müəssisələrdə ölüm hadisələrinin sıfra endirilməsi, ciddi xəsarət və peşə xəstəliklərinin qarşısının alınması üçün təcrübədə istifadə olunan “qızıl qaydalar”dan və atılması labüd olan praktik addımlardan bəhs edib.

Daha sonra BANM-ın rektoru E.Qasımov ISSA-nın prezidenti Yoakim Bröyeri Ali Məktəbin “Fəxri qonaq” plaketi ilə təltif edib.

Tədbirin sonunda iştirakçılar əməyin təhlükəsizliyi və bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı onları maraqlandıran sualları Yoakim Bröyerə ünvanlayıblar.

Təqdimatdan sonra cənab Bröyer Ali Məktəbin kampusunu gəzərək burada tələbələr üçün yaradılmış şərait və təlim-tədris proseslərilə tanış olub.

Qeyd edək ki, 1927-ci ildə əsası qoyulmuş ISSA sosial təminat sahəsində vahid prinsiplərin və qabaqcıl standartların hazırlanması və təşviqi, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, milli, regional və beynəlxalq səviyyələrdə sosial təminat siyasətlərinin təkmilləşdirilməsi, tədqiqatların aparılması, bilik və məlumat mübadiləsinin həyata keçirilməsi, üzv təşkilatlara texniki yardımın göstərilməsi ilə məşğul olan təşkilatdır.