Dəridə baş verən dəyişikliklər Qaraciyər xəstəliklərinin əlaməti ola bilər.

12.07.2018,15:46


Dərinin sağlamlığı orqanizmdə vacib “təmizləyici” rolunu oynayan qaraciyərin sağlamlığından bilavasitə asılıdır. Belə ki, qaraciyər toksinləri və zəhərli maddələri neytrallaşdıraraq orqanizmdən kənarlaşdırılmasına xidmət edir. Əgər qaraciyərin işi pozularsa qanda artan toksiki maddələr orqanizmə zədələyici təsirini göstərməyə başlayır və ilk olaraq da dəri və selikli qişalar zədələnir. 
 

Xolestaza bağlı qaşınma.
Xolestaz –ödün qatılaşması deməkdir və bu zaman qanda öd turşularının miqdarı artır. Qaşınma əsasən əl, ayaq və gövdə nahiyyəsində olur. Qaşınma tutmaşəkilli və qısamüddətli, bəzən isə əksinə davamlı və dözülməz ola bilər. 

Damar “ulduzcuqları”.

Bu dəri əlaməti 0.1-0.5 sm ölçülərdə ola bilər. Əllər, üz, boyun, kürək və çiyin nahiyyəsində tünd qırmızı damar genişlənməsi şəklində olur. Bu əlamət qaraciyər xəstəliklərinin diaqnostikasında böyük əhəmiyyətə malikdir. 

Sarılıq.
Dəri və selikli qişaların sarımtıl rəng almasına səbəb bilirubinin qanda artmasıdır. Əvvəl ağzın selikli qişası və gözün sklerası, daha sonra əl, ayaq və digər nahiyələrin rəngi saralır.  
 

Dildə dəyişikliklər.
Qaraciyərin xroniki xəstəlikləri zamanı dil ödemli və səthi əlvan-qırmızı rəngdə olur. Əgər dilin rəngi tünd qırmızı və ya bənövşəyi çalar alırsa bu artıq qaraciyər çatışmazlığının əlaməti ola bilər.  
 

Ovucda eritema.
Demək olar ki, bütün xroniki qaraciyər xəstələrində rast gəlinir. Eritema (qızarıqlıq) üzərindən basdıqda solur, lakin tez də bərpa olunur. 
 

Dəridə piqmentasiya pozğunluğu.
Demək olar ki, bütün xroniki qaraciyər xəstələrində dəridə piqment ləkələri müşahidə edilir. Əllər, xüsusilə də ovuc nahiyyəsi, qoltuq altı nahiyyə çirkli boz və ya mərmər rəngi alır. Üzdə piqment ləkələri yanağın kənarı ilə boyuna doğru yayılmış olur. 
 

Allergik dermatit. 
Qaraciyərin zədələnmə əlaməti kimi yarana bilər. Dəridə qırmızı ləkə və ya səpkilərlə özünü büruzə verir.