İlham Əliyev: Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir

13.07.2018,17:39


13 iyul, Fineko/abc.az. Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iclası keçirilib.

İclas zamanı dövlət başçısı deyib ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur.

“Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə,  bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi.

“İyulun 3-də və 10-da Gəncədə törədilən cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”, - İ.Əliyev belə deyib.

 

Açar sözlər: İlham Əliyev terror