Tvinninq layihəsinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib

16:34 - 16.07.2018


16 iyul, Fineko/abc.az. Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin İdarəetmə Komitəsinin 1-ci iclası olub.

İclasda Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertləri də iştirak edib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev layihənin əhəmiyyətindən söz açaraq qarşıda duran vəzifələri qeyd edib.

Sonra layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin ölkəmizin ali təhsilinə verəcək töhfələrdən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib.

Tədbirdə layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər. Layihənin Fransa üzrə rezident koordinatoru Liza Baydanova birinci rübdə görülən işlərlə bağlı məlumat verilib, növbəti rüb ərzində planlaşdırılan tədbirlər diqqətə çatdırıb.

Sonda Komitə üzvləri tərəfindən növbəti iclasın noyabr ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Bütün xəbərlər