Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğu birgə məlumat yayıb

16.07.2018,17:08


16 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğu birgə məlumat yayıb.

Birgə məlumatda deyilir ki, Dövlət Komitəsinə, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisi haqqında sakinlərin şikayəti daxil olmuşdur.

Aparılmış araşdırmalar nəticəsində,  ərazi planlaşdırma sənədlərinin şəhərsalma qanunvericiliyinə riayət etmədən hazırlandığı müəyyən edilmiş, bununla əlaqədar Bakı şəhəri İcra Hakimiyyətinə tikinti icazəsi verməkdən imtina tələbi göndərilmişdir.

Hüquqpozma  faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  araşdırma aparmış və müəyyən etmişdir ki, “Fidan” mənzil-tikinti kooperativinin təsisçisi və sədri Əli Şükürov bu ünvanda 1 iyul 2018-ci il tarixində müvafiq razılıq almadan qanunsuz tikintiyə başlamışdır.

Fakt üzrə Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (özbaşına tikinti işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdır.

Lazımi əməliyyat-axtarış tədbirləri davam etdirilir.