“AzerTelecom” və “STEP Kompüter Akademiyası” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

10:48 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC ilə STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“AzerTelecom” və STEP Kompüter Akademiyası arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsillə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi vəbu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımıüçün əhəmiyyətli şərait yaradır.

Əməkdaşlıq memorandumu “AzerTelecom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev və STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov arasında imzalanıb və bir sıra mühüm istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

“Memorandum qarşımızda yüksək texnologiyalar sahəsində təhsilin inkişafı, Akademiyanın şagird və tələbələrinin nəzəri və təcrübi biliklərinin artırılması üçün geniş imkanlar yaradır. “AzerTelecom” şirkəti cəmiyyətimizin davamlı inkişafını hədəfləyən, elm və təhsil yönümlü müxtəlif layihələri daim dəstəkləyir. STEP Kompüter Akademiyası ilə gələcək faydalı əməkdaşlığımız çərçivəsində birgə həyata keçirəcəyimiz yeni maarifləndirici layihələrin ümumi inkişafa töhfə verəcəyinə inanırıq” - deyə şirkətin baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.

Öz növbəsində STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov bildirib ki, memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və İKT sahəsində təhsilin irəli aparılmasına şərait yaradacaq.

STEP Kompüter Akademiyası barədə:

STEP Kompüter Akademiyası 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

“AzerTelecom"MMC barədə:

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

 


Bütün xəbərlər