SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirildi

12:45 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Bu gün SOCAR-ın daxili bazar üçün buraxılan istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.

“SOCAR Capital” şirkətindən xəbər verildi ki, istiqrazların sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.

“Məbləğlər faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına, bu gündən etibarən isə istiqrazların sahiblərinin hesablarına köçürülüb. Bu, SOCAR İstiqrazları üzrə yeddinci faiz ödənişidir.Beləliklə, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 milyon dollar təşkil edib”, - deyə məlumatda qeyd edilir.

Nominal  dəyəri 1000 dollar olan istiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

2017-ci ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatları da başlanılıb. REPO əməliyyatları mexanizmi SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir. SOCAR İstiqrazları üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

 

Bütün xəbərlər