Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir

17:06 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik (performance) auditi sahəsində təcrübəsini öyrənir.

Qurumun auditoru Vaqif Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Tvinninq layihəsi çərçivəsində Polşada səfərdə olub. Təlimin məqsədi Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsinin öyrənilməsi olub.

Polşa Ali Audit İdarəsinin prezidenti Kşiştof Kviatkovski nümayəndə heyəti ilə görüşərək Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsi üzrə təlimin uğurla keçiriləcəyini bildirib.

Təlim çərçivəsində Polşa Ali Audit İdarəsinin Elm, Təhsil və Milli Miras Departamentinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Pyotr Prokopçuk Elm, Təhsil və Milli Miras Departamenti tərəfindən aparılan audit tədbirləri və səmərəlilik auditi mövzusunda təqdimatla çıxış edərək bildirib ki, səmərəlilik auditi təkmilləşməyə səbəb olmaq məqsədilə qənaətlilik, səmərəlilik və effektivlik aspektlərinin biri və bir neçəsi ilə bağlı hökumət fəaliyyətlərinin, sistemlərinin, proqram və ya təşkilatlarının müstəqil və obyektiv yoxlanmasıdır.

Təlim zamanı Polşa Ali Audit İdarəsinin Audit Metodologiyası və Professional İnkişaf Departamentinin direktoru vəzifəsinin müvəqqəti icraçısı xanım Magdalena Bratovska Audit Metodologiyası və Professional İnkişaf Departamentinin keyfiyyətin təmin olunması prosesində rolu və audit prosesində metodoloji dəstəklə bağlı təqdimatlarla çıxış edib.

Daha sonra Polşa Ali Audit İdarəsinin İnfrastruktur Departamentinin direktor müavini Tadeuş Viniarz İnfrastruktur Departamenti tərəfindən aparılan səmərəlilik auditləri barədə məlumat verib. Qeyd edib ki, səmərəlilik auditi auditin ayrıca müəyyən edilə bilən hissəsidir ki, bu da adətən hesabat və məruzə hazırlanması ilə nəticələnir və həmin audit tədbirlərinin aydın müəyyən edilə bilən məqsədləri olmalıdır.

Krakov regional bölməsində aparılmış təlimlərdə bölmənin direktoru xanım Jolanta Stavska bölmənin səmərəlilik auditi üzrə təcrübəsi daxil olmaqla bölmənin fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib, dövlət xərclərinin auditi üzrə baş eksperti Voyçex Dudek, Ali Audit İdarəsinin Beynəlxalq əlaqələr üzrə məmuru Marcin Kopec və Krakov regional bölməsinin hüquq məsləhətçisi xanım Agata Bjeska-Lebieska aparılan səmərəlilik auditlərindən bəhs edərək nümunələr təqdim edib, Hesablama Palatası əməkdaşlarının sualları cavablandırılıb.

 

Bütün xəbərlər