"Təhsil avtobusu - 2018" yay məktəbinin ilk tədbiri Quba şəhərində keçirilib.

17:29 - 17.07.2018


17 июля, Fineko/abc.az. İyulun 17-də "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbinin ilk tədbiri Quba şəhərində keçirilib.

Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən “ENGİN” LTD MMC-nin, “Kapital Bank”ın Quba filialının, “Ekspo 2025 Bakı” layihəsinin və Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.

Bildirilib ki, yay məktəbinin məqsədi bölgələrdəki ümumi təhsil müəssisələrinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, onlarda həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək və dərsə marağın artırılmasına şərait yaratmaqdır.

Rayonun Kürkün, İsnov, Püstəqasım, Ərməki, Çartəpə, Qaraçay, Xucbala, Rustov, Amsar kənd və iki nömrəli şəhər məktəblərinin şagirdlərinin iştirak etdiyi yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyun və təlimlər keçirilib.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

"Azərbaycan üçün öyrət’’ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

 

Bütün xəbərlər