Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

13:45 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Energetika Nazirliyi Asiya İnkişaf Bankını (AİB) ilə birgə günəş enerjisi sahəsində pilot layihənin həyata keçirilməsini planlaşdırır.

Energetika Nazirliyinin məlumatında deyilir ki, AİD-in dəstəyi ilə, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi”  adlı pilot layihənin icrası planlaşdırılır.

“Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistem quraşdırılacaq”, - deyə məlumatda bildirilir.

Layihə çərçivəsində həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

“Nazirlər Kabineti bu layihənin həyata keçirilməsini təsdiqləyib. AİB tender əsasında  konsaltinq şirkəti seçəcək. Layihə üzrə işlər tender proseduru başa çatdıqdan sonra başlayacaq”, - deyə məlumatda qeyd edilir.

 

Bütün xəbərlər