Vitamin A, orqanizmdə rolu, mənbələri

15:30 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Sağlam həyat üçün vitaminlər mütləqdir. Çünki orqanizmdə bir çox proseslər vitaminlərin iştirakı ilə gedir. Hər hansı bir vitamin çatışmazlığı olduqda sağlamlıq problemləri meydana çıxa bilir. Orqanizm əsas vitamin ehtiyacını xaricdən, qida vasitəsilə alır.  Çox az sayda vitamin orqanizmdə sintez olunur. Bu səbəbdən vitaminlərlə zəngin qida maddələrinin qəbulu mütləqdir. 
A vitamin və ya retinol orqanizm üçün zəruri olan vitaminlər arasında ilk beşliyə daxildir. Ehtiyat halında qaraciyərdə toplanır. Uzun müddət tərkibində vitamin A olan qidaların az qəbulu çatışmazlığa səbəb olur.
A vitamininin çatışmazlığı:  Uşaqlarda boy ləngiməsi,  toyuq korluğu (gecələr görmənin zəifləməsi),  dəridə qaşıntı, qabıqlanma, görmənin zəifləməsi, gözdə quruluq, konyuktivit, saçların tökülməsi, başda kəpək, iştahanın azalması kimi şikayətlərə səbəb olur.  Əgər çatışmazlıq uzun müddət davam edərsə orqanizm üçün geridönməz, ciddi sağlamlıq problemləri baş verə bilər. 
Vitaminlərin çatışmazlığı kimi, artıqlığı da ciddi problemlərə səbəb ola bilər. 
A vitaminin artıqlığı : Qaraciyərin böyüməsi, ürəkbulanma, qusma, yuxululuq, diareya (ishal) baş ağrısı, əzginlik, üzün qızarması, aşağı ətraflarda ağrı, ovuc və dabanda rəngin dəyişməsi, sonsuzluq, qadınlarda menstrual tsiklinin pozulması kimi şikayətlərə səbəb ola bilər. A vitaminin qəbul olunan dozası xüsusilə hamilə qadınlar üçün norma həddində olmalıdır. Belə ki, vitamin A artıqlığı dölün normal inkişafının pozulmasına və müxtəlif patologiyalara səbəb ola bilər. 
A vitaminin əsas mənbəyi: heyvani qidalardan:  qaraciyər, yumurta sarısı, kərə yağı, xama, kəsmik, pendir;  bitki mənşəli qidalar: kök, boranı, şirin bibər, ispanaq, brokkoli, yaşıl soğan, cəfəri, pomidor, ərik, şaftalı,  paxlalılar və s.
A vitamin yağda həll olan vitamin olduğu üçün yağsız pəhrizlər zamanı onun mənimsənilməsi çətinləşir. Həmçinin, sink və vitamin E də A vitaminin mənimsənilməsinə təsir edir.

 

Bütün xəbərlər