Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi layihənin yekun qiymətləndirilməsi ilə bağlı seminar keçirilib

19.07.2018,16:49


İyulun 19-da Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi “Ümumi Tranzit Proseduru Haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Haqqında Konvensiyaya qoşulmaq üçün Dövlət Gömrük Komitəsinə dəstək” layihəsinin yekun qiymətləndirilməsi ilə bağlı seminar keçirilib.

Dövlət Gömrük Komitəsində keçirilən seminarın açılış mərasimində Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Dövlət Gömrük Komitəsinin sədr müavinləri, Komitənin əməkdaşları və Avropa İttifaqının ekspertləri iştirak edib.

Seminarın məqsədi layihənin yekunları, Ümumi Tranzit Proseduru Haqqında Konvensiyaya qoşulmazdan əvvəl qanunvericiliyin, inzibati idarəetmə və informasiya texnologiyaları imkanlarına dair layihə qrupunun hazırladığı təklif və tövsiyələrin Dövlət Gömrük Komitəsinə təqdim edilməsindən ibarət olub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev layihənin birinci mərhələsinin başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib və ümidvar olduğunu bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri bundan sonra daha da genişləndiriləcək. Komitə sədri Ümumi Tranzit Proseduru Haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Haqqında Konvensiyaya üzv olmaq, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar imzaladığını və bu sərəncamların icrasını təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlandığını diqqətə çatdırıb.

Qeyd edilib ki, tədbirlər planına uyğun olaraq Dövlət Gömrük Komitəsinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə xüsusi işçi qrup yaradılıb, qanunvericilik, informasiya texnologiyalari və digər sahələrdə zəruri addımlar atılıb və  Avropanın inkişaf etmiş ölkələrinin bu sahədəki təcrübəsi öyrənilib.

Bu istiqamətdə göstərilən dəstəyə görə Avropa İttifaqının nümayəndəliyinin rəhbərliyinə, işçi qrupun üzvlərinə minnətdarlığını bildirən Səfər Mehdiyev, qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və növbəti mərhələdə “Tvinninq” layihəsinin icrasının da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təmsil etdiyi qurumla həyata keçirilən səmərəli və işgüzar əməkdaşlığa görə təşəkürünü bildirib.

Layihə çərçivəsində görülən işlərə toxunan Kestutis Yankauskas qeyd edib ki, məqsəd Azərbaycan gömrük sistemini daha da təkmilləşdirmək və ən müasir sistemlərə uyğunlaşdırmaqdır. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyulduğunu söyləyən səfir onu da bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün mühüm addımlar atılır və istərdik ki, Azərbaycan regiondakı portnyorumuz olsun.

Azərbaycanla qurulan səmərəli əməkdaşlığın Avropa İttifaqının enerji diversifikasıyasına da kömək göstərəcəyini bildirən Kestutis Yankauskas diqqətə çatdırıb ki, Azərbaycan Avropanı Asiya və Cənubla birləşdirən mərkəzə çevriləcək.

Səfir qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin iqtisadiyyatını diversifikasiya etdirən Azərbaycan üçün istehsal etdiyi məhsulların Avropa bazarına çıxarmasına şərait yaradacağını vurğulayıb, Azərbaycanın enerji resurslarının Avropaya nəql edilməsilə bağlı həyata keçirilən layihələrdən də bəhs edib. Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsi məqsədilə həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətinə toxunan Kestutis Yankauskas bu layihələrin səmərəliliyinin artırılmasında gömrük orqanlarının xüsusi rol oynadığını və böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu bildirən səfir, Azərbaycanda biznes mühitinin qiymətləndirilməsi məqsədilə  aparılan araşdırmaların nəticələrinə əsasən gömrük sahəsində mühüm irəliləyişlər əldə edildiyini vurğulayıb.

Prezident İlham Əliyevin Brüsselə son səfərinə də toxunan səfir, dövlət başçısının Avropa İttifaqının rəhbərliyi ilə apardığı müzakirələrin və əldə etdiyi razılaşmaların ölkənin nəqliyyat və tranzit potensialının artırılmasında önəmli olduğunu bildirib.

Daha sonra layihə qrupunun rəhbəri, Avropa İttifaqının eksperti Marian Kodak layihənin nəticələri və görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, seminar çərçivəsində milli tranzit qanunvericiliyinin və tənzimləyici çərçivənin təhlili, qanunvericiliyin ÜTK, SAD və NCTS-ə uyğunlaşdırılması ilə bağlı zəruri dəyişikliklər, cari təşkilati strukturun təhlili və ÜTK, SAD, NCTS-in səmərəli tətbiqi üçün struktur dəyişiklikləri barədə təqdimatlar dinlənilib və müzakirələr aparılıb.