Onkoloji xəstəliklərin yaranmasında virusların rolu

20.07.2018,17:23


20 iyul, Fineko/abc.az. Xərçəng xəstəliyin səbəbləri dedikdə bura bir çox faktorlar daxildir: irsi meyllik, qeyri-sağlam həyat tərzi, ətraf mühit amilləri, viruslar. Son illər xərçəngin bəzi növlərinin viruslar tərəfindən törədilməsi fikri mütəxəssislər tərəfindən daha çox səslənir.

1. Insan papilloma virusu (İPV)

Elmə İPV-nin 150 növü məlumdur və dünya əhalisinin 70-80%-i bu virusa yoluxub. Əsas onkogen təsirə malik olan növləri İPV16 və 18-dir.Virus əsasən cinsi yolla və ya kontakt yolu ilə yayılır. İmmun sistemi güclü olan şəxslərdə orqanizm özü virusla mübarizə aparıb məhv edə bildiyi halda, immun sistemi zəif olan şəxslərdə isə xroniki formaya keçərək xərçəngönü xəstəliklərə səbəb ola bilər.

2. Hepatit B və C

Bu viruslara yoluxma həm cinsi yolla, həm də tibbi müdaxilələr, stomatoloji prosedurlar, kosmetoloji manipulyasiyalar- pirsinq, manikür və s yolla mümkündür. Hepatit B müalicə olunmadıqda 10-20% hallarda sirroza, 10 % hallarda isə xərçəngə səbəb olur. Hepatit C isə daha çox, 25% xəstələrdə, yəni 4 xəstədən birində xərçəngin yaranmasına səbəb olur.

3. İnsan İmmunçatışmazlıq Virusu (İİV, QİÇS)

Bu xəstələrdə immun sitemin işi çox zəiflədiyi üçün mutasiya olunmuş xərçəng hüceyrələri ilə mübarizə apara bilmir və xərçəngin inkişafı üçün əlverişli şərait yaranır. Belə xəstələrdə daha çox uşaqlıq boynu xərçəngi, Kapoşi sarkoması, qan xərçəngi inkişaf edir.

4. Herpes virusu

İlk onu qeyd edək ki, bura geniş yayılmış Herpes I və II (dodaqlarda və cinsiyyət orqanında iltihaba səbəb olan) aid deyil. Xərçəngə səbəb olan Herpes-8 dir. Bu virus da herpesin digər növləri kimi cinsi əlaqə, kontakt və ortaq istifadə edilən məişət əşyaları ilə yoluxur.

5. Epşteyn-Bar virusu

Daha çox burun-udlaq, bəzi limfoma növləri, mədə xərçənginə səbəb ola bilər. Bu virusun xərçəng yaratma ehtimalı digər viruslarla müqayisədə xeyli azdır.

6. Helikobakter pylori

Qastritin əsas törədicisi olan bu bakteriya müalicə olunmadıqda xora xəstəliyinə və əgər qarşısı alınmazsa bəzən xərçəng xəstəliyini yaranmasına səbəb ola bilər.

7. Xroniki iltihabi xəstəliklər.

İstənilən iltihabi xəstəliklər uzun müddət müalicə olunmadıqda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Çünki iltihabi xəstəliklər zamanı toxuma böyüməsini stimulə edən xüsusi maddələr yaranır ki, xərçəng hüceyrələrinin böyüməsinə təkan verə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq istənilən halda əgər sağlamlıqla bağlı bir şikayət varsa, ağırlığından asılı olmayaraq mütləq həkim müayinəsindən keçmək lazımdır. Çünki, bu gün üçün sadə görünən problem, sabah ciddi və müalicəsi çətin olan xəstəliklərin “xəbərçisi” ola bilər.