Ekvator haqqında maraqlı faktlar

17:45 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Ekvatorun uzunluğu 40 075 696 metrdir. Bu məsafəni piyada gəzmək üçün saatda 5km/saat sürətlə, dayanmadan 8000 saat tələb olunardı. Bu isə təxminən 11 aya  bərabərdir.

Latın dilindən tərcümədə ekvator “bərabərləşdirmək” mənasını verir. Doğurdan da ekvator planetimizi demək olar ki, ortadan Şimal və Cənub yarımkürələrinə bölür.

Ekvatorun dəqiq uzunluğunu hesablayan ilk şəxs qədim Yunan astronomu və riyaziyyatçısı Erastofen Kirenski olub. O, ekvatorun uzunluğunun 40 000 km olduğunu demişdir. 

Bir çox ölkələrin adlarında “ekvator” sözü işlənir. Məsələn, Ekvador və Ekvatorial Qvineya. Maraqlısı odur ki, Ekvador dövləti ekvatorda yerləşsə də, Ekvatorial Qvineya əsasən Şimal yarımkürəsində yerləşir.

Mərkəzi Afrikadan keçən Konqo çayı ekvatoru 2 dəfə “kəsir”.  Konqo Afrikanın ən bol sulu çayı olub uzunluğu 4000 km, dərinliyi isə bəzi hissələrində 200 m-dən çoxdur.

Dənizçilərə xas qədim ənənəyə görə ekvatoru keçən bütün gəmilərdə Neptun Bayramı keçirilməlidir. Bu bayramda  ekvatorda ilk dəfə olanlar xüsusi ayin yerinə yetirməlidirlər. Ayinə görə onları köhnə dənizçilər mazuta bulayıb hovuz və ya açıq dənizdə çimməyə, saç və ya saqqalını balta ilə kəsməyə və s məcbur edirlər. Yalnız bu ayinləri yerinə yetirən dənizçi xüsusi “sənədə” sahib olur, hansı ki, onu növbəti dəfə bu ayindən keçməkdən azad edir.

Braziliyanın Makapa şəhəri həm şimal, həm də cənub yarımkürəsində yerləşir. Şəhər ekvatorda yerləşir. Bu şəhərdə ekvatorun şərəfinə “0 meridianına” həsr olunmuş Marko Zero abidəsi mövcuddur. Makapa əhalisi isə şəhəri “ Dünya mərkəzinin paytaxtı” adlandırırlar. Yerli futbol stadionu da ekvatorun tam üzərində yerləşir.

Ekvatorda həmişə yaydır, gecə və gündüz temperaturu arasında cüzi fərq olur. Çünki, günəş şüaları bütün ərazi boyunca bərabər paylanır.

Ekvatorda Kayambe vulkanının zirvəsində buzlaqlar da mövcuddur.  Hətta ekvatora birbaşa düşən günəş şüaları da onu əridə bilmir. Vulkanın hündürlüyü isə 5790 m-dir.

Bütün xəbərlər