Masallıda 24.7 km-lik yolun yenidən qurulması yekunlaşır

14:23 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Söhbət ümumi uzunluğu 24.7 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yollarından gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 22 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Yol yatağı hazır olan hissələrdə isə lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri aparılır. Buna paralel olaraq yol əsası hazırlanmış ərazilər asfaltlanır. Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 150 min kv.m sahəsini əhatə edəcək.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.

Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin isə tam olaraq yaxın müddət ərzində yekunlaşdırlması nəzərdə tutulub.

Bütün xəbərlər