Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb/Foto

14:46 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Danimarka Respublikasına "İşıqlandırma avadanlıqları" yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Kiti" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə nəqliyyat vasitəsinin qoşqusunun təkərlərinə reaksiya verib. Eyni zamanda təkərlərin arasında olan oxların sıxlığı "Buster" cihazı ilə yoxlanılan zaman oxlardakı sıxlıqların fərqli olduğu müəyyən edilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə aparılan əsaslı yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı 3 ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 kq 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkar edilib.


Bütün xəbərlər