Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində əməkdaşlıq genişlənir

15:05 - 26.07.2018


26 iyul, Fineko/abc.az. Ölkəmiz tərəfindən İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verilərək, Səudiyyə Ərəbistanı Krallığı ilə hüquqi sahədə əməkdaşlıq genişləndirilir. İki ölkənin Ədliyyə nazirlikləri tərəfindən əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması qərara alınıb.

Bununla əlaqədar hazırlanmış Memorandum layihəsinin müzakirəsi və razılaşdırılması üçün Səudiyyə Ərəbistanı Krallığı ədliyyə nazirinin müavini Şeyx Dr. Əbdüləziz bin Abdullah Əl-Nasirin başçılıq etdiyi nümayəndə heyəti iyulun 23-25-də Azərbaycanda səfərdə olub.

Səfər zamanı Ədliyyə Nazirliyində Memorandum layihəsi üzərində məhsuldar müzakirələr keçirilib, ədliyyə nazirinin müavini Azər Cəfərov ilə ədliyyə və məhkəmə sistemində islahatlara, bu sahədə əməkdaşlığın prioritetlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb. Sənəd təkmilləşdirilərək paraflanıb və müvafiq razılaşma protokolu imzalanıb.

Ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Dövlətlərimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib, sənədin tezliklə imzalanacağına əminliyini ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan qonaq respublikamızın hərtərəfli inkişafını təqdir edib, hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Anlaşma Memorandumunun imzalanmasının qarşılıqlı fəaliyyətin dərinləşməsinə xidmət edəcəyini bildirib.

Nazir müavini Şeyx Dr. Əbdüləziz bin Abdullah Əl-Nasir ədliyyə və məhkəmə sahəsindəki islahatları təqdir edərək nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydasını qeyd edib, Səudiyyə Ərəbistanı Krallığının ədliyyə nazirinin salamlarını çatdırıb.

Görüşdə həmçinin, dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri diqqətə çatdırılaraq bu münaqişənin həllində Səudiyyə Ərəbistanının ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyi vurğulanıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı materialları əks etdirən əyani vəsaitlər və disklər təqdim edilib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Ali Məhkəmənin və Yasamal Rayon Məhkəməsinin müasir binaları, elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in fəaliyyəti, habelə Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

 

Bütün xəbərlər