330x110
 

Oqtay Şirəliyev tibb müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb

26.07.2018,15:33


 

26 iyul, Fineko/abc.az. Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyə aid olan müəssisələrin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb.Tibb müəssisələrinin istiliklə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırıqlar verilib. Tapşırıqlara əsasən, sentyabrın 15-dək payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaqla cavabdeh şəxslər təyin edilməli, qazanxana maşinistləri (ocaqçılar) ilə əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilməli, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılmalıdır. Bundan əlavə, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməli, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilməli, tüstü borusunun və bacasının qurumdan təmizlənməsi təmin edilməli, qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalıdır.

Əmrə əsasən, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsində və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” ilə əlaqədar bilikləri yoxlanılmalı, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xidmət mütəmadi olaraq həyata keçirilməlidir.

Noyabrın 1-dək payız-qış mövsümünə hazırlıq işlərinin yerinə yetirilməsi barədə nazirliyin səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinə məlumat verilməlidir.

Əmrin icrasına nəzarət səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasova həvalə edilib.