Dövlət Miqrasiya Xidməti Şamaxıda maarifləndirmə tədbiri keçirib

26.07.2018,16:50


26 iyul, Fineko/abc.az. Dövlət Miqrasiya Xidməti tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə daxil olan Şamaxı şəhərində miqrasiya sahəsində ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin inzibati binasında təşkil edilən tədbirdə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, idarə, müəssisə rəhbərləri, hüquq mühafizə orqanları əməkdaşları, səhiyyə, təhsil, Turizm Agentliyinin Şamaxı regional şöbəsinin işçiləri, otellərin, istirahət mərkəzlərinin təmsilçiləri, ərazidə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirakı ediblər.

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova DMX-ya  regionlarda təşkil etdiyi maarifləndirilmə tədbirlərinə görə minnətdarlığını bildirib. Belə tədbirlərin müntəzəm keçirilməsinin vətəndaşların məlumatlandırılmasında rolunu və əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişiklikləri əks etdirən təqdimat olub.

Çıxış edənlər Miqrasiya Məcəlləsində  və İnzibati Xətalar Məcəlləsində edilən son əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriblər. Bildirilib ki, ölkədə miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün tələblərinə uyğun təkmilləşdirilir. Miqrasiya qanunvericiliyinə dəyişikliklər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə,  şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Sonra əməkdaşlar tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda 6 nəfərə səyyar xidmət göstərilib.

DMX tərəfindən regionlarda maarifləndirmə tədbirləri davam etdirilir.