Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb

27.07.2018,12:15


27 iyul, Fineko/abc.az. İyulun 27-də Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.

Memorandumda qurumlar arasında kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığı və məlumat mübadiləsini inkişaf etdirmək nəzərdə tutulur. Memorandumda, həmçinin əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcək.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliynin çevik qiymətləndirilməsi, idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin məlumatlandırılması formalarını müəyyənləşdirəcək.