Məktəb idarəetməsi mövzusunda beynəlxalq seminar

17:02 - 28.09.2017


Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Rumıniya, Sloveniya, Çexiya Təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Cristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.

İkigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir. 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxışı zamanı qonaqları salamlayıb, beynəlxalq əməkdaşlıq  çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edib. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu vurğulayıb.

İdarə müdiri onu da bildirib ki, səmərəli məktəb idarəetməsi modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir edən işlərin həyata keçirilməsi vacib amillərdəndir.

Təhsildə yeniliyə, islahatlara geniş yer verildiyini söyləyən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov İKT-nin təhsildə tətbiqi və istedadlı şagirdlərlə işin təşkili məsələləri barədə fikirlərini bildirib.

 Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya, media və məktəb, sənədləşdirmə kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

 Seminar zamanı qonaqlar məktəb idarəetməsinə dair təqdimatla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığı da qeyd olunub.

Seminar sentyabrın 29-da öz işini başa çatdıracaq.

Bütün xəbərlər