Böyükşor gölü üzərindən salınan yol nəqliyyatın rahat hərəkətini təmin edəcək

17:36 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr icra olunur. Beynəlxalq standartlara cavab verən magistral yolların inşası ölkəmizin simasını başdan-başa dəyişib. Bu yeni yollar keyfiyyətinə görə Avropa ölkələrinin yollarından geridə qalmır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda tikintisi davam etdirilən ümumşəhər əhəmiyyətli Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil magistralını birləşdirəcək müasir yol şəbəkəsi də məhz belələrindəndir.

Böyükşor gölünü 2 yerə bölən bəndin üzərindən salınan yeni avtomobil yolu ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxa biləcəklər. Layihənin reallaşması nəqliyyatın rahat gediş-gəlişini təmin etməklə, məsafəni də xeyli qısaldacaq.

Mətbuatda bu yolun tikintisi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. Ancaq “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”, deyib tikinti işləri gedən əraziyə yollandıq.

Tikinti sahəsində qızğın iş gedirdi. Ərazidə torpaq işləri görən xeyli sayda maşın və mexanizm var idi. Yeni yolda tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir. Layihənin icrasına 4 ay əvvəl başlanıb və artıq xeyli iş görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə söhbətimiz də bu barədədir.

İnşaat işlərinin gedişi ilə bağlı məlumat verən şöbə rəisi bildirib ki, paytaxtımız üçün mühüm əhəmiyyət daşıyan yolun tikintisinin birinci mərhələsi sona yetmək üzrədir. Uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünü iki hissəyə bölən bəndin üzərindən salınır. Yolun əvvəlində və sonunda 6 hərəkət zolaqlı tunellər olacaq. Tunellərin uzunluğu müvafiq olaraq 417,5 metr (qapalı hissə 67,5 metr) və 294,5 metr (qapalı hissə 22,5 metr) təşkil edəcək. Hazırda tunellərdə dəmir-beton işləri yekunlaşmaq üzrədir. Bundan başqa, yol yatağının işlənilməsi, səth sularının kənarlaşdırılıması, həmçinin 90 metr uzunluğunda və diametri 530 millimetr olan yeni kanalizasiya xəttinin quraşdırılması və izolə işləri görülür. Yol yatağının bəndin üzərindən keçən hissəsində torpaq işlərinə başlanılıb.

İkisi gediş, ikisi gəliş olmaqla 4 hərəkət zolağından ibarət yol I texniki dərəcəyə uyğun inşa edilir. Yolun bəndin üzəridən keçən hissəsinin eni 15 metr təşkil edəcək. Burada torpaq işləri ilə paralel olaraq 2 laydan ibarət yol əsası salınacaq, hazır olan hissələrə asfalt örtüyü döşənəcək.

Bu işlərlə bərabər yolboyu maneələrin sökülməsi, o cümlədən yüksəktəzyiqli neft və qaz kəmərlərinin, digər kommunikasiya xətlərinin köçürülməsi, eləcə də, yeni xətlərin çəkilişi həyata keçirilir.

Layihə çərçivəsində yol üzərində 4 avtobus dayanacağı quraşdırılacaq. A.Nəcəfli bildirib ki, dayanacaqların yolun əvvəlində və sonunda quraşdırılması nəzərdə tutulub. Burada sutkanın qaranlıq saatlarında hərəkətin təhlükəsizliyi üçün müasir işıqlandırma sistemi qurulacaq, yolboyu 461 işıq dirəyi qoyulacaq. Piyadaların hərəkəti üçün isə səkilər yaradılacaq.

Yolun Ziya Bünyadov prospektinə və Binəqədi–Balaxanı magistralına birləşmələrində də qızğın iş gedir. Bütün işlərin gələn ilin əvvəllərində yekunlaşdırılması planlaşdırılır.

Yeni yol istifadəyə veriləndən sonra avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan və Sumqayıt şəhərlərinə, bu istiqamətdə yerləşən Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı, həmçinin Zabrat və Maştağa qəsəbələrinə rahat çıxış əldə edəcək. Eyni zamanda həmin qəsəbələrdən gələn nəqliyyat vasitələri Ziya Bünyadov prospektinə çıxmaqla şəhərin mərkəzinə rahat və qısa yolla hərəkət edə biləcək. Bununla da, həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyası qarşısından keçən hissəsində nəqliyyat sıxlığı aradan qalxacaq.

Bütün xəbərlər