Bakıda “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib

19:20 - 27.07.2018


27 iyul, Fineko/abc.az. İyulun 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “İşgüzar Qadınlar” Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişaf etdiyini deyib. Qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan vilayətində bir sıra işgüzar, humanitar və sosial layihələr icra olunur. Bu ilin may ayında Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı işgüzar və dostluq münasibətlərinin potensialının genişlənməsinə imkan verir.

Hicran Hüseynova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər. Dostluğun möhkəmlənməsində və Həştərxan vilayətində müxtəlif layihələrin həyata keçməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın rolunu da xüsusi qeyd etmək lazımdır.

Azərbaycan cəmiyyətində qadınların rolundan bəhs edən komitə sədri qeyd edib ki, qadın ana kimi gələcək nəsli formalaşdırır. İnsanlığın necə olması qadının savadından, sosial statusundan asılıdır. Bu məsələ bizim ölkəmizdə hər zaman aktual olub. Məsələn, 1901-ci ildə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb Bakıda yaradılıb. Həmçinin 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbu orqanı yaradıldı. “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib.

Diqqətə çatdırılıb ki, gender siyasətinin gücləndirilməsi dövlət strategiyasının əsas istiqamətlərindən biridir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə postsovet məkanında ilk dəfə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə bu komitənin səlahiyyətləri genişlənərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Hicran Hüseynova bildirib ki, son illər ərzində qadın sahibkarlarının sayı 28 faizə qədər artıb. Onların arasında holdinq və böyük maliyyə kompaniyaların rəhbərləri var. “Biz bu rəqəmlərin artırılmasında maraqlıyıq və ölkəmizdə qadın biznesinin inkişafı üçün böyük işlər görülür. Nümunə kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım, “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” layihələrini qeyd etmək olar”,- deyə komitə sədri vurğulayıb.

Həştərxan regionu “İşgüzar Qadınlar” Assosiasiyasının üzvü İrina Brıntseva deyib ki, Azərbaycanda sahibkar qadınların fəaliyyətləri bir çox dövlətlər üçün nümunədir. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan İrina Brıntseva qeyd edib ki, Həştərxan vilayətini Azərbaycan ilə sıx dostluq əlaqələri birləşdirir. Azərbaycanda ölkənin inkişafı üçün böyük işlər görülür. Sosial məsələlərə böyük diqqət ayrılır, Azərbaycanın bu təcrübəsini gələcək inkişaf üçün öyrənmək olar.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, “Made in Azerbaijan” brendi altında bir çox tədbirlər keçiririk və bu tədbirlərdə sahibkar qadınlar fəal iştirak edirlər. Dövlətimiz tərəfindən qadın sahibkarlığın inkişafına yüksək qiymət verilir. Bu sahədə böyük islahatlar həyata keçirilir. Y.Abdullayev qeyd edib ki, iki ay bundan əvvəl Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılıb. Açılış çərçivəsində sərgi də təşkil edilib. Həmin sərgidə bir çox Azərbaycan şirkətlərinin məhsulları təqdim olunub.

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva və digərləri çıxış edərək tədbirin məqsədindən danışıblar. Bildirilib ki, bu tədbirin məqsədi qadınlar arasında sahibkarlığın təşviqini təmin etməkdir.

Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına böyük dəstək verir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.

Sonda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan regionu Qadınlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

Bütün xəbərlər