Avqustun 28-i keçiriləcək hərraca çıxarılan dövlət əmlakları

14:40 - 30.07.2018


30 iyul, Fineko/abc.az. Hərraclarda maksimum operativliyin təmin olunması özəlləşdirilmə prosesini sürətləndirir. Dövlət əmlaklarına investisiyalar yatıran vətəndaşlar biznes planlarını reallaşdıraraq uğur qazanırlar. Bu həm də ölkədə iqtisadi fəallığı artırır, özəl sektorun inkişafına şərait yaradır. Hərrac vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə olduqca sadədir. Belə ki, müraciət və iştirak üçün əlavə vaxta və məkandan ayrılmağa ehtiyac qalmır. Dövlət əmlaklarının özəlləşməyə elektron müstəvidə çıxarılması müasir hərracın sərmayəçiyə yönəlmiş üstünlüklərindəndir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərrac 28 avqust tarixində reallaşacaq. Avqustun son hərracına ümumilikdə 91 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 34-ü kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Budəfəki hərraca müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri çıxarılıb. Ağcabədi Aqrotexservis, Port İliç Xidmət, Mingəçevir Qum Çınqıl və digərləri bu kateqoriyadan olan dövlət əmlaklarına aiddir. Bu səhmdar cəmiyyətlərinin satışa buraxılmış səhm sayları və satış qiymətləri fərqlidir.

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m intervalındadır. Paytaxtla bərabər Gəncə, Bərdə, Qusar, Qax kimi bölgələrdə yerləşən əmlakların qiymətləri də fərqlidir. Belə ki, obyektlərə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı qiymət isə 715 min manat təyin olunub. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində yerləşən Yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxındır. Qeyd edək ki, torpaqla birlikdə dövlət əmlakına ilkin qiymət 75 min manat təyin olunub. Fəaliyyətini yenidən qurmaqla daha çox gəlir qazandıra biləcək əmlaklar sırasında Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 132 saylı yanacaqdoldurma məntəqəsini göstərmək olar. Obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır.

Özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 22-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə qalanları isə Daşkəsən və Ağdaş rayonunda yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 6 kv.m ilə 288 kv.m arasında dəyişir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən obyektin ümumi faydalı sahəsi 147 kv.m-dir. Bu əmlak investora fərqli xidmət sahələrində fəaliyyətə imkan verə biləcək.

Avtomobil sahibi olmaq istəyənlər üçün budəfəki hərraca buraxılış ili 2007-ci il olan Fiat, BMW və QAZ markalı nəqliyyat vasitələri çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Elektron hərrac sisteminin tətbiqi onlayn resurslarla hərracda virtual iştirak və onlayn izləmə imkanlarını təmin edir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Bütün xəbərlər