İlin birinci yarısında qiymətli kağızlar bazarında əməliyyatların həcmi 2,4 dəfə artıb

31.07.2018,11:59


31 iyul, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin birinci yarısında Azərbaycanda qiymətli kağızlar bazarının vəziyyəti haqqında hesabat yayıb.

MBNP-dan təqdim edilən məlumata əsasən, 2018-ci ilin ilk 6 ayında Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 12,451.6 milyon manat təşkil edib.

“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. İlkin bazarda əməliyyatların 52,2%-i (6 499 mln. manat),  təkrar bazarda isə 47,8%-i (5 952 mln. manat) aparılıb”, - məlumatda belə deyilir.     

MBNP-in məlumatına əsasən, 2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə 8,210 milyon manat dəyərində qiymətli kağızların dövlət qeydiyyatı aparılmışdır.

2018-ci ilin ilk yarısında Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatlar həcmi 40,8% azalaraq 1128,9 milyon manat təşkil edib. Səhmlərlə əməliyyatların həcmi 695,1 milyon manat (33,7 faiz azalma), o cümlədən ilkin bazarda 429,1 milyon manat (56,4 faiz azalma), təkrar bazarda 266 milyon manat 4.1 dəfə artım) təşkil etmişdir.

İlin birinci yarısında korporativ istiqrazlarla əməliyyatlar həcmi 49,4 faiz azalaraq 433,8 milyon manat, o cümlədən manatla ilkin bazarda 100,3 milyon manat (20,9 faiz azalma), ABŞ dolları ilə  ilkin bazarda 42,5 milyon manat (36,5 faiz azalma), manatla təkrar bazarda - 183 milyon manat (57,5 faiz azalma), dollarla təkrar  bazarda 108 milyon manat  (53,7% azalma) təşkil etmişdir.

MBNP-nın məlumatına görə, 2018-ci ilin 6 ayı ərzində dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 5,4 dəfə artaraq 6006,7 milyon manat təşkil edib.

Törəmə qiymətli kağızlarla əməliyyatların həcmi ilin birinci yarısında 4,849,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 2,2 dəfə çoxdur.