Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu ləğv olunur

12:19 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu ləğv olunur, onun əvəzinə isə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu yaradılır.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən,  yeni fondun nizamnamə kapitalı

1 094 254,581 min manat səviyyəsində müəyyən edilib.

Fondun nəzarəti və idarə olunması 9 nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçiriləcəkdir. Bunlardan 5-i İqtisadiyyat Nazirliyini, biri Maliyyə Nazirliyini, biri Vergilər Nazirliyini, biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, biri Maliyyə Bazarlarına Nəzarət Palatasını təmsil edir.

İqtisadiyyat Nazirliyinə fondun strukturunu, ştat cədvəlini, əmək haqqı fondunu və işçilərinin maaşlarını təsdiq etmək tapşırılıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə bir ay müddətində qanun layihəsi hazırlanaraq agent banklar tərəfindən fonda qaytarılmış vəsaitlər üzrə vergi öhdəliklərindən azad edilməsini və yeni fondun maddi-texniki bazasının təmin edilməsi ilə bütün məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər