Prezident İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti Fərman imzalayıb

15:25 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilərək Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri  Anar Hüseynov şərhində qeyd edibki: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar.

Bundan başqa Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək. 

 

Bütün xəbərlər