“Azəriqaz”ın xidmətləri Səyyar “ASAN xidmət”də

16:21 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Avqustun 1-dən etibarən Səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Hövsan qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

“ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az  saytından əldə etmək olar.

 

 

Bütün xəbərlər