Azərbaycanda Bakı-Novorossiysk neft kəmərinin mühafizə zolağında fərdi evlərin qanunsuz tikintisi aşkar olunub

13:21 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi  kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparır.

Dövlət Komitəsinin məlumatında deyilir ki, monitorinqlər zamanı belə sahələrin qanunsuz istismarı faktları, qanunsuz tikinti işlərinin aparılması faktlrı aşkar olunub.

“Bu kimi cəhdlərin qarşısı dərhal alınır və son 10 gün ərzində  bu kimi 11 fakt aşkar olunub. Ümumilikdə isə, respublika üzrə 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. 20 fakt üzrə materiallar daxili işlər orqanlarına göndərilib”, - deyə məlumatda qeyd edilir.

Məlumatda  deyilir ki, bu kimi faktlar Xətai rayonunda aşkar olunaraq, buradakı yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Digər qanunsuz tikililər, fərdi evlərin yerləşdiyi Abşeron rayonunda, Bakı-Novorossiysk neft kəmərinin mühafizə zolağında aşkar olunub. Bu faktlar üzrə materiallar aidiyyəti orqanlara göndərilib.

 

Bütün xəbərlər