Azərbaycanda 3,5 min işsiz özünüməşğulluğun təmin edilməsi üçün dövlətdən aktivlər alacaq

02.08.2018,16:53


2 avqust, Fineko/abc.az.  Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyin səviyyəsini azaltmaq üçün tədbirləri davam etdirir.

Nazirliyin məlumatında deyilir ki, işaxtaran və işsiz şəxslərin özünüməşğulluq proqramına cəlb edilir.

“İlin əvvəlindən 5,7 mindən çox işaxtaran və işsiz şəxs kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib. Təlim kurslarını bitirmiş şəxslərdən 3,8 minə yaxın şəxsin biznes-planlarının qiymətləndirilməsi həyata keçirilib. Onların təxminən 75 faizi kənd təsərrüfatı, qalanları xidmət, istehsal və s. sahələrini əhatə edir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, uğurlu hesab edilən biznes-planlar üzrə işaxtaran və işsiz vətəndaşların ailə təsərrüfatlarının formalaşdırılması üçün onlara yaxın vaxtlarda aktivlər (mal və materiallar) təmin ediləcək.

Cari il ərzində 7 minədək şəxsin özünüməşğulluq proqramına cəlb olunması  planlaşdırılıb.