AQTA Şəki və Zaqatalada sahibkarlarla maarifləndirici görüşlər keçirib

17:06 - 3.08.2018


Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. Avqustun 3-də Agentliyin əməkdaşları Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə bu sahədə fəaliyyət göstərən iş adamları üçün Şəki və Zaqatala rayonlarında maarifləndirmə tədbirləri keçirib.

Maarifləndirmə tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fındıq istehsalçılarına kif göbələklərinin fındığa mənfi təsirləri, aflotaksinin əmələ gəlmə səbəbləri, aflatoksinin fındıqda yaranmasının qarşısını alınması yolları ilə bağlı ətraflı məlumatlar verilib. Sahibkarlara yığım mövsümündən ən azı 5-10 gün əvvəl sahədə olan alaq otlarının təmizlənməsi, məhsulun yığımının isə yerdən fındıq tam yetişdikdən sonra həyata keçirilməsi tövsiyə olunub. 

Bildirilib ki, yerli məhsulların təhlükəsizliyinə nəzarət sisteminin gücləndirilməsi məqsədiylə “tarladan süfrəyə” prinsipinin tətbiqi ilə yüksək keyfiyyətə malik məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Keçirilən görüşlər zamanı fındıq istehsalı və ixracı ilə məşğul olan fermerlərin, ixrac və satış şirkətlərinin biznes fəaliyyətinin tənzimlənməsi müzakirə olunub,  fındıq ixracının genişləndirilməsi aspektində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara fındıqda aflotaksinin yaranma səbəbləri və problemin həlli yolları ilə bağlı təlimatlar paylanılıb.

Tədbirin sonunda Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara köməklik göstərilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

 

Bütün xəbərlər