Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib

11:20 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.

Layihəyə uyğun olaraq hal-hazırda işçi cizgilərin hazırlanması, 5 440 metr hissədə bitki qatının çıxarılması, 4 700 metr hissədə torpaq yatağının tikintisi, 2 270 metr hissədə torpaq yatağının üst layının hamarlanması və səfərbərlik işləri yerinə yetirilib. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri davam etdirilir. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilir.

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 104.5-ci km-də Pirsaatçay üzərindən salınacaq. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq. Artıq Pirsaatçay körpüsünün inşasına başlanılıb və körpünün dayaqlarının betonlanması işləri yekunlaşdırılıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bura xüsusi qrunt gətirilərək  yol yatağının əlavə bərkidilməsi işləri görüləcək, dəmir-beton svaylar vurulacaq, monolit-beton istinad divarları inşa ediləcək, səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanallar inşa ediləcək.

Bundan başqa layihə çərçivəsində 15 ədəd ( 675.8 p/m ) dairəvi borunun,  yol boyu zəruri olan ərazilərdə  3 ədəd ( 176.8 m ) alt keçidin inşası da planlaşdırılır.

27.5 metr enində torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılacaq. Yol əsası 2 laydan ibarət olmaqla 24 sm qalınlıqda hamarlayıcı lay və 22 sm qalınlıqda dənəvər tərkibli laydan ibarət olacaq.  Daha sonra yolun hərəkət hissəsinə və bərkidici zolağa 3 laydan ibarət asfalt-beton örtük döşənəcək. Asfalt-beton tərkibli yol geyimi 17 sm qalınlıqda bitumlu əsasdan, 7 sm-lik orta dənəli asfaltdan və 5 sm qalınlıqda olan xırda dənəli asfaltdan ibarət olacaq. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlükdə olacaq.

Bütün xəbərlər