“Bakmil” metro stansiyası müvəqqəti olaraq saat 8:20-dən saat 17:00-dək fəaliyyət göstərəcək

17:39 - 6.08.2018


6 avqust, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC 8 avqust tarixindən etibarən “Bakmil” stansiyasının yenidən qurulmasının növbəti mərhələsinə başlayır.

“Bakmetropoliten”in məlumatında  bildirilir ki, “Bakmil” stansiyası 1979-cu ildə istifadəyə verilib və yeganə yerüstü stansiyadır. Stansiyada heç vaxt əsaslı təmir aparılmayıb.

“Stansiyada təmir işlərinin birinci mərhələsi 2017-ci ilin yanvar ayından başlayıb və işlər sərnişin daşınmasında məhdudiyyət yaratmamışdır, lakin növbəti mərhələdə, işçilərin təhlükəsizliyini təmin etmək üçün, təmir işlərinin sürətləndirilməsi məqsədilə stansiyada qatarların hərəkətini dayandırmaq zərurəti yarandı”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bununla bağlı avqustun 8-dən etibarən, “Bakmil” stansiyasına giriş və çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq və sərnişinlər stansiyadan yalnız 8:20-dən saat 17:00-dək itifadə edə biləcəklər.

"Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də  stansiyanın iş saatları onların marağının nəzərə alınması ilə  hesablanıb.

“Alternativ nəqliyyat vasitələri qismində  Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər